2024-cü ilin ilk oyunu çox gərgin keçdi. Həm də rəqibimiz - "Azərreyl" güclü heyətə malik komandadır.
Bu sözləri Sportaze.az saytına açıqlamasında “Murov Az Terminal” komandasının voleybolçusu Elmin Alışanov deyib.
Voleybolçu bildirib ki, oyuna çox yaxşı hazırlaşmışdıq. Çempionatda əsas rəqiblərimizdən olan "Azərreyl"i məğlub etməyi qarşıya hədəf qoymuşduq. Etiraf etmək lazımdır ki, oyun çox ağır keçdi. Qarşı tərəf də oyuna ciddi hazırlaşmışdı. Onlar da bizim gücümüzə bələddirlər. Sonda üstünlük bizdə oldu və yaxşı nəticə qazandıq.
Komanda idman növündə səhvlərin çox olduğunu bildirən voleybolçu əsas əzmkarlıq nümayiş etdirib qələbə qazanmağın vacibliyini diqqətə çatdırıb: "Klubumuzun rəhbərliyinə və komanda yoldaşlarıma təşəkkürümü bildirirəm. İnanıram ki, qələbələrimiz davamlı olacaq.
Azərbaycan çempionatının səkkizinci turu çərçivəsində “Murov Az Terminal” və “AZERRAIL” klubları üz-üzə gəliblər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan gərgin qarşılaşmada tərəflər hərəyə iki set qazandığından qalib tay-brekdə müəyyənləşib. Bu hissədə daha dəqiq oynayan “Murov Az Terminal” meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, Azərbaycan Yüksək Liqasında “Xarı Bülbül Şuşa” 16 xalla turnir cədvəlinə liderlik edir. Hərəyə 15 xal qazanan “Murov Az Terminal” və “AZERRAIL” 2-ci və 3-cü, “Neftçi” 13 xalla 4-cü, “Xarı Bülbül Laçın” 4 xalla 5-ci, xalı olmayan MOİK isə 6-cı yerdədir.